Ana Sayfa Yazarlar 14.02.2018 47 Görüntüleme

Jurnalist həqiqətə xidmət edir, yazıçı isə təxəyyülündən də yararlanır-Müsahibə 

Jurnalist, yazıçı, blogger Rizvan Fikrətoğlu ilə  müsahibəni sizlərə təqdim edirik.

Rizvan Fikrətoğlu üçün yazmaq asandır, yoxsa danışmaq?

Maraqlı sualdır və sanıram ki, maraqlı cavab gözləyirsiniz. Bilirsiniz, elə hiss və hadisələr var ki, onları danışmaq daha rahat və zövq vericidir. Axı hər şeyi danışmaq olmur, onları yazmaq daha məqsədə uyğundur. Mənim üçün yazmaq da, danışmaq da asandır.

Bu gün verdiyimiz qərarlar, gördüyümüz işlər həmişə sabahımıza işıq saçırmı?

Adətən, vermiş olduğumuz qərarları ölçdükdən sonra biçməliyik. Bu, mənim həyat tərzimə çevrilib. Düzdür, verilən hər qərar uğur xəritəmin işıqlı sabahına ümid yandırmaya bilir. Düşünürəm ki, bu yaşıma kimi bütün qərarlarım ümumilikdə mənə xidmət edib.

Uğur və səbir sizin üçün nə məna kəsb edir?

Günel xanım, sualınızı iki hissəyə bölərək cavablandırmaq istərdim. Birincisi, uğurun mənim üçün kəsb etdiyi sonsuzluqdan danışım. Uğur hər şeydir, həyatımızın ayrılmaz hissəsidir və bunun üçün çalışırıq. Fəaliyyət göstərdiyim hər bir sahədə birincilik uğrunda “döyüşürəm”. Əgər bacarıramsa, işimi düzgün qururamsa və qəbul edilirəmsə bu, uğurumdur. Ancaq və lakin… uğursuzluq da mənə çox şey öyrədib. Müsahibəmizin bu yerində sevdiyim Çin atalar sözlərindən birini yada salmaq istərdim: “Uğur insana bəlkə çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir”. Əslində, uğursuz fəaliyyətimiz belə gələcək uğurlarımıza bir işarədir, yoldur. Uğur hər şey deyil əslində. Ben Svitlandin sözləri ilə demiş olsaq, uğur gedilən yoldur, çatdığın məkan deyil.

İkincisi, səbrin mənə verdiyi dəyərlərdən danışım. Uğurlarıma görə səbrimə təşəkkür edirəm. Səbrimin gücü özgüvənimin, qələmimin gücünün artmasına çox təkan verib və verməkdədir. Şübhəsiz ki, səbir etmək çox çətindir və bu hiss hər kəsdə tapılmaz. Oxuduğum əsərlərin birində səbirin nə qədər acı olmasına baxmayaraq, meyvəsinin şirin olması fikri, deyərdim ki, səbir barəsində işlədilmiş ən uğurlu misralardandır.

Qazandığınız uğurlara səbəb nədir?

Özümə inam hissim. Yorulmamağa çalışıram. Nəsə yolunda getməyəndə həvəsdən düşmək kimi hisslərimi unuduram!

İnsan nə vaxt və harada itirir?

İnsan hər anında və hər yerdə itirir. Hər gün ömrümüzdən gedir. Bizə verilən ömrün dəyərini bilməli, hələ öncəliklə qiymətini özümüz anlamalı və hər kəsə görə onu boşuna xərcləməməliyik. Dünən əsla bu gün və hətta sabah olmayacaq! Bu gün də sabah olmayacaq, dünən olacaq, sabah da dünən olacaq! Nə dünənlərimizdə itib batmayaq, nə də sabahımıza çox da bağlanmayaq. Əlqərəz, indiki reallıq bizim üçün əsl vaxtdır, məqamın yetişdiyi zamandır. Bu gün hər kəs üçün ən dəyərli kapital zamanı olmalıdır. O vaxt, o zaman ki, bizim əlimizə bir daha düşməyəcək, fürsətlər yağış kimi üstümüzə yağmayacaq. Həyatı elə yaşayaq ki, ömrümüzün hansısa vaxtında itirdiyimiz dəyərli anlarımıza görə təəssüflənməyək. Düzdür, ağıllı insanlar əsla və əsla özləri ilə razılaşmır, nə qədər uğur qazansalar belə, daha çox qazanmağın mümkünlüyünü düşünürlər. Konfutsinin dəyərli fikirlərindən biri budur ki, nə qədər yavaş getməyiniz vacib deyil,

əsas odur ki, dayanmayın.

“Qələmin müqəddəs borcu yazmaqdır”. Sizcə, hər qələm tutan barmaq bu borcu layiqincə yerinə yetirirmi?

Allah Mirzə Cəlilə rəhmət eləsin. Bəlkə də çoxları bu sualın cavabını standart ölçüdə başa düşür. Fikrimcə, hər qələm tutan barmaq bu borcu yerinə yetirir. Zənnimcə, pis əsər yoxdur. Hər əsərin oxucusu var, hətta bir nəfər də olsa. Bu elə təkcə qələm tutanın özü  ola bilər, o da oxucudur. Mən hər çəkilən əməyə qiymət verirəm. Əgər kimsə əlinə qələm almağa cürət edib bacardığını təqdim edirsə, bu, qələm tutan barmaqların yerinə yetirmiş olduğu borcdur. Ən azı, bu, yazan üçün oxumaq təcrübəsidir. Mark Tvenin belə bir gözəl ifadəsi var: “insan əxlaqı kitablardan yox, təcrübələrdən öyrənir. Uğurun sirri işi bayrama çevirməkdir.

Lakin “layiqincə” məsələsindən danışaq.  Layiqincə o vaxt yerinə yetirmiş olar ki, imzası, əsərləri təsdiqlənər. Təbii ki, ən mükəmməl qiyməti oxucu verir, onlar bunu bacarır. Unutmaq olmaz ki,yazmaq haqqında düşünmək, yazmaq haqqında danışmaq, yazmaqla bağlı narahat olmaq LAYİQİNCƏ yazmaq demək deyil.

Bilirik ki, Siz Türkiyənin “Mercek haber” qəzetinin azərbaycanlı köşə yazarısınız. “Mercək haber”in üzvü olmaq sizə nələri qazandırıb?

Qazanclarım olub. Azsaylı azərbaycanlı yazarların məqalələri orada dərc olunur ki, onlardan biri də mənəm. Gənc yaşımda qələmimə verilən dəyər, məqalələrimin nəyinki ölkə daxilində, xarici auditoriya üçün oxunaqlı olması da qazanclarım sırasındadır. Bunlarla bitmir, adını çəkdiyiniz qəzetdə çalışan istər azərbaycanlı, istərsə türkiyəli, istərsə də başqa ölkələrin oxucuları və əməkdaşları ilə əlaqələrimi də qazanc saymaq olar.

Siz necə oldu yazıçı oldunuz?

İsak Dinesennun fikirləri ilə desəm, hər gün bir az yazıram, ümid etmədən və ümidsizliyə qapılmadan. Mən beləcə yazdım və yazıram, hələ yazıçı deyiləm.

Bilirik ki, “Ayaq səsləri ” adlı psixoloji kitabınız nəşr olunub. Rizvan bəy, istəyirik ki, bu mövzuda söhbətimizi davam etdirək.

Doğru bilirsiniz. İlk kitabımdır. Povest bir şəxsin keçdiyi həyat lövhələrindən bəhs edir. Əsərin baş qəhrəmanı olan qocanın başına gələn faciələr və ailə taleləri bir sujet üzərində qurulub. Əsərə canlılıq gətirmək üçün elmi şərhlərdən, psixoloji əhvali-ruhiyyədən istifadə etmişəm. Bəzi məqamlar da isə müdaxilələrə özüm də qatılmışam. Kitabımın redaktoru Bakı Dövlət Universiteti, jurnalistika fakültəsinin dosenti Mahmud Mahmudov kitabda yazıb: “…Hadisələr çox maraqlı bir sujet əsasında nəql edilib. Buna görə də qəhrəmanın keşməkeşli həyatı, başına gələn faciələr bizi dərindən düşünməyə, müvafiq nəticələr çıxarmağa, ən əsası isə, aciz, zəlil, fağır, kimsəsiz görünən adamların yanından biganə ötüb keçməməyə, onlarla ünsiyyət yaratmağa, dərdlərinə imkan daxilində çarə axtarmağa vadar edir…”

Yazılarınız kifayət qədər mükafat qazanıb, ilk yerləri tutub. Yazarkən hansı nüansları diqqətə alırsınız?

Yazarkən özümə sual verirəm ki, kimin üçün yazıram? Kim oxuyacaq? Kimə lazımdır? Əgər yazılarım bu kimi suallara cavab vermirsə yazmıram. Diqqət etdiyim nüanslara misal olaraq, oxucuları yormadan mətləbə tez varmağım, nəsə yenilik gətirməyim, auditoriyaya oxumadığı məlumatları verməyim, düşünülmüş təhlillərim və s.

Jurnalistikadan yazıçılığa gedən yolu necə təsəvvür edirsiniz?

Hər iki sahə yaradıcılıq sahələridir. Həm yazıçı, həm də jurnalistdə istedad olmalıdır. Düşünürəm, bu iki sahə arasında yol düzdür. Jurnalist həqiqətə xidmət edir, yazıçı isə təxəyyülündən də yararlanır. Bunların sintezi, fikirimcə, yaxşı nümunələr ortaya çıxarır.

Jurnalist olub yazıçı olmaq yaxşıdır, yoxsa əksinə?

Realizmdən romantizmə gəlmək daha yaxşıdır.

Uğurlarınıza sevinməyib, sizlərə irad bildirən insanlar olubmu?

Heç şübhəsiz ki, iradı olmayan şəxsin uğurlu yazıları çətin

ki olsun. İradlar, tənqidlər olmalıdır. Ancaq sağlam olmalıdır.

Paxıllıqdan kənar, tam sağlam. Zənn edirəm ki, öz amalımız və

tutduğumuz yol bizə istiqamət verən ən mükəmməl şəxslərim belə

göstərdiyi cığırdan daha dəqiqdir, daha mükəmməldir. Bizi ən

yaxşı elə biz – özümüz başa düşə bilərik. Bu mənada elə ən sağlam iradı da, tənqidi də dostyana özümüzə götürməliyik. Bəzən içimizdən gələn səs, içimizdəki redaktorumuz bizi aldada bilir.  Viktoriya Nelson şəksiz, haqlı olaraq qeyd edib ki, yaradıcılığın ən hərarətli yerində bir səhv tapan, detalçı, başımızın üstünü kəsdirən tənqidi səsimiz qədər diqqəti dağıdan heç nə yoxdur.

Təşəkkür edirəm.

Çox xoşdur. Diqqətinizə görə minnətdaram.

Günel Ağayeva

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

Haber Sitesi | Uzman Tescil